Tələbə yataqxanası, yoxsa kirayə ev – sentyabrın ən aktual sualı
Ekspertlərdən mövcud duruma etiraz və təkliflər: “Hər il korpusun təmirinə pul tapırlarsa, yataqxanalara niyə diqqət ayırmırlar?”
Yeni tədris ilinin başlanmasına çox az bir müddət qalması universitet tələbələrinin ev məsələsini yenidən gündəmə gətirib. Xezerxeber.az xəbər verir ki, ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxtda münasib qiymətə ev axtarışına çıxıblar. Yataqxanaların qiymətləri şəraitinə görə bir-birilərindən fərqlənir.
Məsələn, Bakı Dövlət Universitetinin beş mərtəbəli, 220 yerlik “Tələbə evi”ndə bir nəfərin aylıq ödədiyi qiymət 75 manatdır. Yataqxananın hər bir şəraiti var, o cümlədən camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kamerası və sairə. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları yataqxanaya qəbul edilir. Bundan əlavə, yeni yataqxananın inşası istiqamətində işlər davam edir və yeni yataqxanada 2500-3000 tələbənin qalması planlaşdırılır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti isə 60 manatdır.
Özəl ali məktəblərin yataqxanalarının qiymətləri ilə də maraqlandıq.
Bakı Avrasiya Universitetinin yeni inşa edilmiş yataqxanasının aylıq ödənişi isə 120-150-170 manat arasında dəyişir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) vaxtilə 7 binadan ibarət yataqxana kompleksi olub. Hazırda isə universitetin balansında olan köhnə yataqxanalardan bir bina fəaliyyət göstərir, həmin bina qismən təmir olunub, istifadəyə verilib. Yataqxanada 320 nəfərlik yer var. Otaqlar 2 və 3 nəfərlikdir, hər otağın qiyməti 100 manat təşkil edir. Bu da 3 nəfərlik otaqlar üçün hər tələbəyə 35, 2 nəfərlik otaqlar üçün isə 50 manat ödəniş deməkdir. Yataqxanada yerli və əcnəbi tələbələr qalır. Bundan əlavə, yerli tələbələr arasında sosial təminatı zəif, həssas ailə qruplarına daxil olan tələbələrə güzəştlər olunur, ehtiyac yarandıqda onlar pulsuz yataqxana ilə təmin olunurlar.
Azərbaycan Dillər Universitetində (ADU) qızlar üçün yataqxana fəaliyyət göstərir. Yataqxana 200-dən bir qədər çox tələbə tutumuna malikdir. Yataqxana daxilində tələbələr üçün kitabxana var. Onlar dərslərinə kitabxanada da hazırlaşa bilərlər. Yataqxanada bir nəfər üçün aylıq qiymət 20 manatdır. Əlamətdar günlərdə isə rəhbərlik tərəfindən tələbələrə xüsusi güzəştlər olunur. İmkansız ailələrin övladları tərəfindən müraciətlər olduqda isə tələbə həmkarlar tərəfindən onlara güzəştlər də edilir.
Azərbaycan Tibb Universitetində (ATU) hazırda 4 yataqxana fəaliyyət göstərir. Universitetin 3 saylı yataqxanası isə təmir etdirilir. 1 və 2 saylı yataqxanada qızlar, 6 saylı yataqxanada oğlanlar, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayırlar. Tibb Universitetinin fəaliyyət göstərən 4 yataqxanasının ümumi tutumu 968 nəfərdir. Yataqxanalara qeydiyyat zamanı ilk olaraq qazi və şəhid ailələrinin üzvlərinə üstünlük verilir. Təhsil müəssisəsi çalışır ki, yerli tələbələrin hamısını yataqxana ilə təmin edə bilsin.
Azərbaycan Tibb Universitetində yerli tələbələrə yataqxana qiyməti aylıq 50-80 manat arası dəyişir.
Bununla belə, bir çox universitetlərimiz var ki, onların bəzilərinin ümumiyyətlə sovet dövründən bu yana yataqxanası olmayıb, bəzilərində isə məcburi köçkünlər məskunlaşıb. Məsələn, Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), tələbə evləri uzun illərdir qaçqın və məcburi köçkünlərin məskunlaşması üçün istifadə olunur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və İlahiyyat İnstitutunun isə əvvəldən yataqxanası olmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, bu il də Azərbaycanda əksər universitetlər öz tələbələrini yataqxana ilə təmin edə bilməyəcək. Hazırkı vəziyyətdə isə kirayə evlər tapmaq da müşkül məsələdir, xüsusən də tələbə oğlanlar üçün. O da məlumdur ki, son günlərdə kirayə bazarında qiymətlər bahalaşıb. Belə ki, qiymətlər həyət evləri üçün 300-350 manat aralığında, köhnə tikililərdə 450-500, yeni tikililərdə isə komfort səviyyəsindən asılı olaraq 600-700 manat arasında dəyişir. Metro çıxışlarına yaxın, eləcə də şəhər mərkəzində tam əşyalı kirayə mənzillərin 800 manat və daha baha qiymətə təklif olunur. Bu səbəbdən bəzən birotaqlı evdə 4 tələbə qalmağa məcbur olur.
Ceyhun Məmmədov
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan təhsilinin ən böyük problemlərindən biri yataqxana məsələsidir: “Bu məsələ həm bizim ölkə, həm də xarici vətəndaşların Azərbaycanda təhsilinə çox ciddi problemlər yaradır. Burada ən təsiredici məqam ondan ibarətdir ki, nə universitetlər, nə də Elm və Təhsil Nazirliyi bu istiqamətdə ciddi addım atmır. Yəni hər il tələbələr bu problemləri yaşayır, hər il yataqxana problemi aktual olur, amma bununla bağlı real heç bir addım atılmır. Elə universitetlər var ki, hər il korpuslarını təmir edirlər. Hər il korpusun təmirinə pul tapırlarsa, yataqxanalara niyə diqqət ayırmırlar? Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımlar atmalıdır. Bu qurumun bu il büdcəsi 4 milyard 400 min manatdır. Doğrudur, bu vəsait təyinatı üzrə xərclənməlidir, amma bu büdcə üzrə bir çox işlər görülə bilər.
Mən əminəm ki, ölkə rəhbərliyi, Nazirlər Kabineti qarşısında bununla bağlı hansısa məsələ qaldırılsa, mütləq bu problem öz həllini tapar. Yəni universitetlər özləri bu məsələdə maraqlı olmalı, Elm və Təhsil Nazirliyi bu istiqamətdə tədbirlər görməli, dövlət qarşısında məsələ qaldırılmalıdır.
Faktiki olaraq, hər il tələbələrimiz zülm çəkirlər. Bununla bağlı tez-tez mənə də müraciət edirlər. Təsəvvür edin, bir tələbə üçün ev kirayəsi 500-600 manatdır. Ümumiyyətlə isə hazırda kirayə ev tapmaq müşkül məsələdir. Bəs tələblər nə etsinlər? Universitetlər bəzən şikayət edirlər ki, təhsil haqqı aşağıdır. Təhsil haqqı aşağı deyil, illik təhsil haqqı 2000-3000 manatdır və tələbə əlavə olaraq ildə 3000-4000 manat kirayələrə, yemək puluna, digər ehtiyaclarını ödəmək üçün xərcləyir. Düşünürəm ki, bu məsələ çox ciddi məsəldir və bu istiqamətdə ciddi addımların atılmasına ehtiyac var. Yeni hazırlanan ali təhsil haqqında qanunda sosial yataqxanaların yaradılması ilə bağlı qanun var. Hesab edirəm ki, bu qanunun qəbulu sürətləndirilməli, sosial yataqxanalar məsələsi də gündəmdə olmalıdır ki, tələbələr, gənclər bundan istifadə edə bilsinlər”.
Ceyhun Məmmədov zamanında özü də tələbə olanda tələbə yataqxanasında qaldığını bildirib: “Mən özüm xaricdə təhsil alarkən tələbə yataqxanasında qalmışam. Deyə bilərəm ki, əgər yaxşı kadr yetişdirmək istəyiriksə, hər bir universitetin mütləq şəkildə yataqxanası olmalıdır. Məsələn, mən özümün formalaşmağımda, elmə, biliyə daha çox vaxt ayırmağımda əsas səbəblərdən birinin yataqxana ilə təmin olunmağımda görürəm. Yataqxana bizim demək olar ki, bütün ehtiyaclarımızı ödəyirdi. Yəni biz yemək bişirməyə, digər problemləri həll etməyə vaxt ayırmırdıq. Bütün bunları təhsil aldığımız müəssisə edirdi”.
Təhsil eksperti Kamran Əsədov isə mövzuya bu cür mövqe bildirdi: “Artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir, əksinə, yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxana problemi dayanır.
Yeni tədris ilinə az müddət qalmasına baxmayaraq tələbələrinin əbədi problemi – yataqxana problemi bu il də həllini tapa bilməyib. Baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qurumlar məlumat verir.
Doğrudur, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac, hər il olduğu kimi, cari ildə də qalır”.
Ekspert qeyd edib ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır: “Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil.
Kamran Əsədov
Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirildi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub.
Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır”.
Kamran Əsədov maraqlı təkliflə çıxış edərək bildirib: “Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər”.
Share this content:
Post Comment