Boreldən erməniləri məmnun edəcək mövqe
Aİ nümayəndəsi Bakıya zəngi haqda yazarkən, niyə Azərbaycanın mövqeyini “unutdu?”
“Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel bildirib ki, Laçın dəhlizi indi açılmalıdır, Ağdam kimi digər yollar isə alternativ kimi deyil, ümumi razılaşmanın bir hissəsi kimi açıla bilər”.
“Armenpress”in məlumatına görə, Borel özünün X səhifəsində (keçmiş Twitter) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığının təfərrüatları barədə belə yazıb.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında Qarabağ ermənilərinin düşdüyü humanitar vəziyyətdən narahatlığımı bir daha təsdiqlədim. Laçın dəhlizi indi açılmalıdır. Ağdam kimi digər yollar da raşılaşma çərçivəsində açıla bilər, lakin alternativ olaraq deyil “, deyə, Borel bildirib.
Qeyd edək ki, Borellə telefon danışığı sentyabrın 8-də olub. Azərbaycan XİN-in məlumatda deyilirdi ki, telefon danışığı zamanı, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri, bölgədə cari vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb. Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu qeyd edib.
Ermənistanın Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadəni davam etdirməsi barədə ətraflı məlumat verilərək, hal-hazırda heç bir əsas olmadan “bölgədə humanitar vəziyyət” barədə yaydığı iddiaların siyasi manipulyasiya olduğu bildirilib. Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda yüklərin daşınması barədə əldə edilmiş razılığa baxmayaraq, bu razılıqların pozulmasının və daşınmalara qarşı törədilən maneçiliyin bunu bir daha sübut etdiyi diqqətə çatdırılıb.
Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyi olduğu vurğulanıb.
Göründüyü kimi, telefon danışığı zamanı Azərbaycanın mövqeyi aydın bir şəkildə ifadə olunub. Amma Borel nədənsə, Azərbaycanın mövqeyi haqda heç nə yazmayıb, yalnız erməniləri məmnun salacaq mövqeyini ifadə edib.
Yeri gəlmişkən, Avropa Birliyinin Xankəndidə sentyabrın 9-da keçirilmiş qondarma seçkini tanımadıqları barədə bəyanatı da Bakıda birmənalı qarşılanmayıb. Bəyanatda Avropa İttifaqı “seçkinin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını qeyd edib. “Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir”, – bəyanatda deyilir.
Bəyanat onu göstərir ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti ənənəvi olaraq ikili standartlardan kənara çıxmır. Anlaşılan budur ki, Aİ Şahramanyanı prezident kimi tanımır, amma ermənilərin onun liderliyi ətrafında cəmləşməsi və Bakı ilə danışıqları prosesini dəstəkləyir.
Share this content:
Post Comment